Avroliqanın gələcəyi ilə bağlı təşviş

18 Sentyabr, 11:25 Sosial mediada paylaşın:
Ötən mövsüm Avroliqanın nəticələrinin ləğv olunması basketbol həvəskarları arasında narazılığa səbəb oldu. Məcburiyyətdən belə qərar qəbul etmələrinə baxmayaraq, klub rəhbərləri də bununla razılaşmadı. Hətta bəziləri artıq mövsümü ləğv etdiklərinə görə peşman olduqlarını da bildirir.
SSKA-nın prezidenti Andrey Vatutinin Avroliqanın gələcəyi ilə bağlı bədbin fikirlər səsləndirib. Rusiya mətbuatına açıqlama verən klub funksioneri oktyabrın 1-də start götürəcək yeni mövsümdə xeyli problemlərlə üzləşəcəklərini bildirib: “Avroliqa mövsümün start götürməsi və ümumiyyətlə sona qədər keçirilməsi ilə bağlı maksimum güc sərf edir. Amma basketboldan kənar problemlərin yaşanacağı istisna deyil. Yenidən koronavirusla bağlı problemlər yaşanacağı halda, yenidən oyunlar təxirə salına bilər. Hətta bəzi komandaların buna görə texniki məğlubiyyətlə üzləşəcəyi istisna deyil. Ümumiyyətlə, mövsüm yenə də yarımçıq dayandırlısa, biz turnirlə həmişəlik vidalaşa bilərik”.
Rusiya Basketbol Federasiyasının prezidenti  Andrey Kirilenko da qeyri-müəyyən vəziyyətin hökm sürdüyünü etiraf edib: “Bəli, vəziyyət heç də ürəkçan deyil. Mən mövsümün gedişində bəzi oyunların təxirə salınacağına da əminəm. Hətta indi hazırlıq turnirlərində belə komandalar problemlər yaşayır”.
“Anadolu Efes”in baş məşqçisi Ərgin Ataman isə ümumiyyıətlə Avroliqanı tənqid edib: “Mən Andrey Vatutinlə tam razıyam. Avroliqa ötən mövsümü ləğv etməklə bağlı yanlış addım atdı. Məncə, onların özləri də indi buna görə peşmandır. Liqa mövsümü tamamlaya bilmirsə, biz onlara necə etibar edə bilərik? Belə qərar səninin nüfuzunun itirilməsinə səbəb olur. Ona görə də bu dəfə eyni səhvi təkrarlamamaq üçün əllərindən gələni edəcəklər”.  

CANLI YAYIM