"Neftçi" Avropa Liqasında mübarizəni dayandırdı

18 Sentyabr, 10:20 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin görüşləri keçirilib. Turnirdəki yeganə təmsilçimiz “Neftçi” Türkiyənin “Qalatasaray” klubu ilə üz-üzə gəlib. Qonaqların üstünlüyü ilə keçən matçda 4 qol vurulub.
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində ölkə təmsilçimiz “Neftçi” Bakı Olimpiya Stadionunda “Qalatasaray”la qarşılaşıb. İlk dəqiqələrdən qonaqlar üstünlüyü ilə diqqət çəkib. “Sarı qırmızılar” 19-cu dəqiqədə hesabı açıblar. Martin Linnesin ötürməsindən sonra Mbaye Dian topu başla qapıya göndərib. Bu, ilk hissədə yadda qalan yeganə epizod olub. Fasilədən sonra təşəbbüsü ələ alan “flaqman” klubu, ikinci hissənin ilk dəqiqəsində oyunda tarazlığı bərpa edib. Mamadu Mbodj komandasını ümidləndirib. Lakin təmsilçimizin sevinci cəmi bir dəqiqə çəkib. Kristian Luyindama “Qalatasaray”ı hesabda irəli çıxarıb. 2:1. Hücumlarının sürətini artıran İstanbul təmsilçisi 68-ci dəqiqədə də qapımıza yol tapıb. Bu dəfə də ilk qolun müəllifi Mbaye Dian görüşdə yekun nəticəni müəyyənləşdirib. “Neftçi” – “Qalatasaray” 1:3. Beləliklə Türkiyə təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb. Onların rəqibi isə Xorvatiyanın “Hayduk” kollektivi olacaq. Komanda görüşünü Türk Telekom Arenada keçirəcək.Görüş eyni zamanda rəqib üçün əlamətdar olub. Belə ki, komanda Avrokuboklarda 100-cü qələbəsini qazanıb. Eyni zamanda qitə yarışlarında səfərdəki görüşlərdə 20 oyundur qalib gələ bilməyən “Qalatasaray” tilsimi sındırıb.

CANLI YAYIM