Fettel Hemilton haqda maraqlı fikirlər səsləndirib

16 Sentyabr, 11:54 Sosial mediada paylaşın:
“Ferrari”yə böyük ümidlərlə gətirilsə də, bu komandanın heyətində çempion ola bilməyən Sebastyan Fettelin “Aston Martin”də necə çıxış edəcəyi maraq doğurur. “Ferrari”də kənardan Lüis Hemiltonun dominantlıq etdiyinə şahidlik edən almaniyalı pilot böyük ehtimalla “Aston Martin”də eyni tamaşanı izləyəcək. Görəsən, Fettel üçün Hemiltonun dəyəri nə qədərdir? Bu suala onun öz dilindən cavab eşidəcəksiniz...
Mövsümün sonunda “Aston Martin”ə keçəcək Sebastyan Fettel “Sky Sport İtalia” nəşrinə geniş müsahibə verib. Almaniyalı pilot Lüis Hemiltonun çempionluq sayında Mixael Şumaxerə çatacağına münasibət bildirib: “Lüisin belə asanlıqla çempionluqları sıraladığına görə üzülürəm. Amma o bu səviyyəyə yüksəlməsinə görə öz üzərində çox çalışıb. Hemilton layiqli şəkildə bu uğurları qazanıb. Bütün bunlara baxmayaraq, Lüis heç vaxt mənim üçün planetin ən yaxşısı olmayacaq. Mən həmişə birinci yerdə Mixael Şumaxeri görəcəyəm”.Bununla yanaşı, Fettel “Ferrari”dəki uğursuzluğundan da söz salıb: “Ferrari” ilə çempion olacağıma ümid edirdim. Biz çempionluğa yaxınlaşmışdıq, amma bu məqsədə çatmağa kifayət etmədi. Təəssüf ki, heç nə alınmadı. Doğrusu, “Mersedes”ə paxıllıq edirəm. Halbuki, “Ferrari” daha yaxşı çıxış edə bilərdi. İstənilən halda, dərinə getmək istəmirəm”.

CANLI YAYIM