ÇL-də 3-cü təsnifat mərhələsi başlanıb

16 Sentyabr, 11:40 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında 3-cü tənifat mərhələsinə start verilib. İlk oyun günündə 3 qarşılaşma keçirilib. Kiyev “Dinamo”su Niderlandın “AZ Alkmaar” klubunu qəbul edib. PAOK “Benfika” ilə qarşılaşıb. Belçikanın “Gent” komandası Vyana “Rapid”i ilə mübarizə aparıb.
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində maraqla gözlənilən görüşlərdən biri Kiyevdə keçirilib. “Dinamo” Niderlandın “AZ Alkmaar” komandasını qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüşdə hesabı meydan sahibləri açıblar. Jerson Rodriqes 49-cu dəqiqədə fərqlənib. Bərabərlik üçün irəli atılan qonaqlar buna peşman olublar. Matçın sonlarında hesab 2:0 olub. Bu dəfə Nikolay Şaparenko hədəfdən yayınmayıb. 2 cavabsız qolla qalib gələn “Dinamo” pley-offa yüksəlib.
PAOK – “Benfika” matçında əksəriyyət qonaqların qələbəsinə inansa da, hesabı meydan sahibləri açıblar. 63-cü dəqiqədə Dimitris Yannulis portuqaliyalıları mərkəzə dəvət edib. Çox keçmədən fərq artıb. Andriya Jivkoviç rəqib qapısına yol tapıb. “Benfika”nın heyətindən Rafa Silva son dəqiqələrdə fərqlənsə də, bu, təsəllidən başqa bir işə yaramayıb. 2:1 hesabı ilə qalib gələn PAOK mərhələ adlayıb.
Belçikanın “Gent” komandası Vyana “Rapid”ini qəbul edib. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən meydan sahibləri fasiləyədək hesabı açıblar. Niklas Dorş fərqlənib. İkinci yarıda da hücumlarını davam etdirən “Gent” 59-cu dəqiqədə növbəti qolu vurub. Roman Yaremçuk penaltini dəqiq yerinə yetirib. Qonaqlardan Yusuf Demir son dəqiqələrdə mübarizəyə nöqtə qoyub. 2:1 hesabı ilə qələbə qazanan “Gent” pley-off mərhələsindədir.

CANLI YAYIM