Qurbanov: "Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq"

16 Sentyabr, 11:29 Sosial mediada paylaşın:
Bu gün futbol üzrə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində növbəti oyunlar keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” Norveçin “Molde” klubu ilə qarşılaşacaq. Qalibin bir oyunla müəyyən olunacağı qarşılaşma UEFA-nın məlum qərarı ilə neytral meydanda - Kiprdə keçiriləcək.
Bu mövsüm Çempionlar Liqasının ilk iki mərhələsində rəqiblərini doğma meydanda qəbul edən “Qarabağ” ilk dəfə səfərdə oynayacaq. Əslində püşkün nəticəsinə əsasən Ağdam klubu Norveç çempionu ilə də paytaxtımızda oynamalı idi. Ancaq koronavirus pandemiyası səbəbindən Norveç hökumətinin tətbiq etdiyi karantin qaydalarına görə “Molde” rəhbərliyi görüşün neytral meydanda keçirilməsi üçün UEFA-ya müraciət etdi. Qitə futbol qurumu isə “Qarabağ”ın təqdim etdiyi yüksək təhlükəsizlik və digər təminatlara rəğmən oyunun neytral meydanda oynanılması ilə bağlı qərar qəbul etdi. “Qarabağ”-“Molde” görüşü Ağdam klubunun istəyi ilə Kiprin Larnaka şəhərinin AEK stadionuna salındı. Qurban Qurbanovun komandası oyuna tam hazırdır. Komandada Mahir Emrelidir. Ölkə çempionatının 2-ci turundakı “Keşlə” ilə qarşılaşmada zədələnən futbolçunun “Molde”ye qarşı meydana çıxacağı sual altındadır. Oyunla bağlı fikirlərini bildirən baş məşqçi Qurban Qurbanov rəqibin çox intizamlı komanda olduğunu vurğulayıb:     
"Milli komandaların fasiləsindən sonra  bu oyuna hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi durum pis deyil, Rəqibimiz də bu turnirə çox ciddi hazırlaşır. Çox intizamlı komandadı. "Molde" fərqli sistemdə oynayır. Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sabah meydanda istədiyimiz oyunu qura biləcəyik".
Əlavə edək ki, Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Oyunu serbiyalı referi Sırjan Yovanoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM