Novak Cokoviç son vəziyyəti barədə danışdı

15 Sentyabr, 10:32 Sosial mediada paylaşın:
“US Open”in  finalında Aleksandr Zverevi məğlub edən Dominik Tim karyerasında ilk dəfə “Böyük Dəbilqə” seriyalı turnirin qalibi oldu.  Halbuki,  2011, 2015 və 2018-ci illərdə bu yarışda rəqiblərinə heç bir şans verməyən Novak Cokoviç anoloji uğuru təkrarlaya bilərdi. Amma 17 dəfə “Böyük Dəbilqə” seriyalı turnirin qalibi olan serbiyalı tennisçi ¼ finalda topla qadın hakimi nişan aldığına görə bu şansı əldən verdi. Görəsən, Novak buna görə peşmandırmı?
Novak Cokoviç Romada keçirilən “Masters” seriyalı turnirdən öncə mətbuat konfransına qatılıb. Serbiyalı raketka ustası “US Open”də  Pablo Karrenyo-Busta ilə oyunda topu qadın hakimə tərəf tuşladığına görə diskvalifikasiya olunmasından danışıb: “Hamı kimi məndə uğur qazanmaq üçün səylə çalışıram. İstər kortda, istərsə də ondan kənarda  nümunəvi bir insan kimi yadda qalmaq istəyirəm. Təbii ki, bəzən emosiyalara qapılıram. Amma mən həmişə belə olmuşam. Karyeramda yüksəliş və eniş dövrləri yaşamışam. Emosiyalarımı ram etmək istəsəm də, bəzən gərginliyin təsiri altına düşmüşəm. Bu dəfə belə oldu. Gələcəkdə belə halın yaşanmayacağına söz verə bilmərəm. Amma bunun təkrarlanmaması üçün əlimdən gələni edəcəyəm. Bu mənim üçün bir dərs oldu”.
Yeri gəlmişkən, Novak ATP reytinqində ilk pillədəki mövqeyini qoruyub. Beləliklə də, Cokoviç reytinqdə 286 həftə zirvədə qalmaqla əfsanəvi amerikalı raketka ustası Pit Samprasın nəticəsini təkrarlayıb. Hələ ki, bu göstəricidə rekord 310 həftə reytinqdə lider olan Rocer Federerə məxsusdur.
 

CANLI YAYIM