Fettel perspektivindən, Peres gedişindən danışıb

11 Sentyabr, 11:24 Sosial mediada paylaşın:
Növbəti mövsümdən “Aston Martin”də çıxış edəcək Sebastyan Fettel yeni komandası haqda fikirlərini bölüşüb. Amma almaniyalı pilot gələcək klubu ilə neçə illik müqavilə imzalayacağı haqda heç bir məlumat verməyib: “Son bir neçə ayda gələcəklə bağlı planlar qururdum. İndiki məqamda yalnız inkişaf haqda fikirləşməli idim. “Aston Martin” isə qarşısına növbəti ildən ciddi hədəflər qoyacaq. Ona görə də bizi parlaq gələcək gözləyir. Xərclərə limit qoyulmasına görə bizim də uğur qazanmaq üçün imkanımız olacaq. Yeni komandamla müqaviləmə gəlincə, biz uzunmüddətli perspektiv haqda fikirləşirik” . Yeri gəlmişkən, Fettelin gəlişi ilə növbəti mövsüm “Aston Martin”i tərk edəcək pilotun adı da məlum olub. Gözlənildiyi kimi, Serxio Peres komandadan gedəcək. Mətbuata açıqlama verən meksikalı idmançı bunları söyləyib: “Komandanın sahibi Lourens Stroll mənə zəng edərək başqa istiqamət üzrə hərəkət etmək istədiklərini söylədi. Halbuki, buna qədər mənə inandıqlarını söyləyirdilər. Hətta yeni müqavilənin şərtlərini də razılaşdırmışdıq. Amma gördüyünüz kimi fikirlərini dəyişdilər. Reallığı qəbul etməliyəm”.

CANLI YAYIM