MBA və MXL oyunları bərpa ediləcək

28 Avqust, 15:30 Sosial mediada paylaşın:
2 günlük fasilədən sonra basketbol həvəskarları MBA-da yenidən pley-off oyunlarını izləyəcək. ABŞ-da baş qaldıran növbəti irqçilik qalmaqalına görə oyunları boykot edən basketbolçuları nəhayət ki, meydana çıxmağa razı salan tapılıb. Eyni sözləri MXL-ə də aid etmək olar.
MBA-da pley-off oyunları yenidən bərpa ediləcək. Bu barədə liqa rəhbərliyi məlumat dərc edib. Bir neçə gün əvvəl Amerika polisinin qaradərili vətəndaşa atəş açmasından sonra ölkəni bürüyən etiraz dalğası MBA oyunlarına da mənfi təsir göstərdi. 2  gün əvvəl “Miluoki” basketbolçuları “Orlando”yla seriyanın 5-ci oyununa çıxmaqdan imtina etdi. Bir neçə saat sonra “Oklahoma Siti” ilə “Hyuston” basketbolçuları analoji addım atdı. Vəziyyətin nəzarətdən çıxdığını görən MBA rəhbərliyi pley-offu qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəldi. Təbii ki, bu proses çox uzun sürə bilməzdi. Onsuz da koronavirus pandemiyası liqanı yetərincə geriyə salmışdı.  Belə bir məqamda basketbolçularla liqa rəhbərliyi arasında vasitəçi rolu oynamağa hazır olan kimsə önə çıxmalı idi. Amerika  mətbuatının məlumatına görə, bu mənada “Şarlott”un sahibi, assosiasiyada yeganə qaradərili funksioner - Maykl Cordan xüsusi rol oynayıb.
Elə basketbolçular arasında “Oklahoma Siti”nin oyun qurucusu Kris Polla “Mayami”nin forvardı Andre İqudala da liqanın bərpası üçün həmkarları ilə danışıq aparıb.
Yeri gəlmişkən, oxşar vəziyyət MXL-də yaranmışdı. Ölkənin bütün peşəkar liqalarında oyunların dayandırılmasını görən MXL rəhbərliyi anoloji qərar vermək qərarına gəlib. vəziyyət qaydasına düşəndən sonra onlar da avqustun 29-da pley-off oyunlarını bərpa etməyə razılaşıb.
 

CANLI YAYIM