Amir Xan Oskar de la Hoyyanın qarşısına çıxmağa hazırdır

22 Avqust, 11:00 Sosial mediada paylaşın:
Son vaxtlar karyerasını başa vuran boksçular arasında görüşlərin təşkili cəhdi adi hala çevrilib. Doğrudur, hələ ki, konkret hansısa döyüş keçirilməyib. Amma artıq müəyyən razılıqlar əldə olunub. Elə boks üzrə sabiq dünya çempionu Oskar de la Hoyya da belə bir fikirə düşüb.
İlk yarımorta çəki dərəcəsində sabiq dünya çempionu Amir Xan müxtəlif çəki dərəcələrində 6 fərqli kəmərə sahib çıxan Oskar de la Hoyyanı döyüşə çağırıb. Sonuncu dəfə 2008-ci ildə Menni Pakyaoya məğlub olan De la Hoyyanın rinqə qayıtmaq istəyindən xəbər tutan Böyük Britaniya vətəndaşı olan pakistanlı boksçu onunla rinqi bölüşməyə hazır olduğunu söyləyib: “Eşitdiyimə görə, De la Hoyya yenidən rinqə çıxmaq istəyir. O, boks üçün darıxır və qüvvəsini sınamaq istəyir. Özü də Oskar adlı-sanlı rəqiblərlə qarşılaşmaq istəyir. Nə edə bilərik, mən onun qarşısına çıxmağa hazıram. De la Hoyya əsl əfsanədir. Biz rinqi bölüşsək, azarkeşlər möhtəşəm döyüşün şahidi olacaq. Oskara rəqib lazımdır, bu mənada onun səsinə səs verməyə hazıram. Kateqoriyaya gəlincə, orta çəki bir qədər mənim üçün artıqdır, amma belə görüşə görə bu çəki dərəcəsində döyüşə bilərəm”.
Xatırladaq ki, Amir Xan 47 yaşlı De la Hoyyadan 14 yaş kiçikdir. Oskar karyerasını 2008-ci ildə başa vursa da, Amir ötən ilin iyulun 12-də döyüş keçirib.

CANLI YAYIM