Roy Cons Mayk Taysonla döyüşməkdən imtina edə bilər

20 Avqust, 14:23 Sosial mediada paylaşın:
Boks həvəskarlarının maraqla gözlədiyi Mayk Taysonla Roy Cons arasında görüş ləğv edilə bilər. Buna Consun görüşün tarixinin dəyişdirilməsinə etiraz etməsi səbəb olub. 5 müxtəlif çəki dərəcəsində sabiq dünya çempionu mətbuata açıqlamasında sərt açıqlamaları ilə diqqət çəkib.
Müxtəlif çəki dərəcələrində 5 dəfə müxtəlif kəmərlərin sahibi olan boks üzrə sabiq dünya çempionu Roy Cons Mayk Taysonla görüşdən imtina etmək fikrinədədir. Sabiq boksçu mətbuata açıqlamasında sentyabrın 12-də nəzərdə tutulan döyüşün noyabrın 28-nə keçirilməsi ilə razılaşmadığını bildirib: “Mən digər işlərimi bir kənara qoyub əvvəlcədən razılaşdırılmış tarixdə döyüşə hazırlaşırdım. Amma görüşün tarixinin dəyişdirilməsi mənə problem yaradır. Bunun üçün yenidən danışıqlar masası arxasına əyləşmək lazımdır. Mən əvvəlki kimi həyatımı yalnız boksa həsr etməmişəm. Karyeramı bitirdikdən sonra başqa sahələrdən qazanmağa məcburam. Hazırda həmin işləri bir kənara qoyub döyüş haqda fikirləşirəmsə, görüşün təxirə salınmasına görə mənə təzminat ödəməlidirlər. Hazırda mənim vəkillərim bu məsələni müzakirə edir. Heç bir razılıq əldə olunmasa, görüşdən imtina edəcəyəm. Mən nə üçün görüşün tarixinin dəyişdirilməsinə razılaşmalıyam ki? Nə üçün ilin günlərini qurban verməliyəm? Biz sentyabrın 12-nə razılaşmışıq. Onları görüşü xeyli sayda tamaşaçının izləməsini istəyir. Razıyam, auditoriya böyüsə, qonorar da artacaq. Amma unutmayın ki, mən bu görüşdən çox böyük faiz əldə etməyəcəyəm. Görək, məsələni necə həll edəcəklər?!”
Xatırladaq ki, 2 həftə öncə Amerika mətbuatı döyüşün tarixinin noyabrın 28-nə keçiriləcəyi ilə bağlı məlumat yaymışdı. Belə ki, təşkilatçılar ilin sonunda Kaliforniyadakı arenaya daha çox tamaşaçı toplamaq üçün vaxt udmaq qərarına gəlib.

CANLI YAYIM