Fettel “Reysinq Point”ə keçə bilərmi?

21 İyul, 11:00 Sosial mediada paylaşın:
 Mövsümün sonunda “Ferrari”dən ayrılacaq Sebastyan Fettelin gələcək taleyi hələ də sual altındadır. Böyük ehtimalla, cəlbedici təklif olmasa, Sebastyan minimum bir illik istirahət götürəcək. Onun karyerasını bitirə biləcəyi ilə bağlı ehtimallar da var. Amma son günlər daha bir variant da gündəmi zəbt edib...   Sebastyan Fettel karyerasını “Reysinq Point” komandasında davam etdirə bilər. Yaxın vaxtlarda “Aston Martin” adı ilə mübarizə aparacaq komanda iddiasını artırmaq üçün “Ferrari”ni tərk edəcək pilotla razılığa gəlmək istəyir. Hər halda, dünya mətbuatı bunu iddia edir.
Elə Sebastyan da mətbuata açıqlamasında dolayı yolla bu komandaya keçə biləcəyinə işarə vurub: “Reysinq Point”–“Aston Martin” layihəsi uğurlu alına bilər. Düzdür, mən  hazırda bu komandanın bir hissəsi olmadığıma görə onları nə gözlədiyini deyə bilmərəm. Amma Formula 1-də hər şey ani şəkildə dəyişir. Dünyada bütün proseslər iki günə yenilənə bilər. İnsan düşüncəsi də tez dəyişir”. Buna rəğmən, almaniyalı pilot Kimi Raykkonen kimi iddiasız “Alfa Romeo” kimi komandalara keçmək istəmədiyini də söyləyib:“Mən böyük uğurlar qazanmışam və bunu davam etdirmək istəyirəm. Mübarizə aparıramsa, fəxri kürsüyə çıxmaq istəyirəm. Düzdür, yarışları mütəmadi olaraq qazanan komandalardan təklif almamışam. Belə vəziyyətdə mən yalnız yaxşı şansları olan komandaları seçməliyəm”.  
Yeri gəlmişkən, “Reysinq Point”in pilotu Serxio Peres Sebastyan Fettelin gələcəyi halda komandanı tərk edəcəyini söyləyib. Onun fikrincə, komandanın sahibi Lourens Stroll oğlu Lensdən imtina etməz: “Bu komandadan kimsə getməlidirsə, məlum məsələdir ki, o adam mən olacağam. Mən özüm atayam və şəxsən mən özüm oğlumu komandadan göndərməzdim. Bundan artıq heç nə deyə bilmərəm. Bəli, şayiələr dolaşır, amma mənim hələ komanda ilə müqaviləm var”.

CANLI YAYIM