MBA ictimaiyyəti mövsümün təhlükəsiz şəkildə bərpasına inanır

13 İyul, 13:00 Sosial mediada paylaşın:
Tennisçilər ABŞ-da keçirilməli olan turnirlərdə iştirak etməkdən ehtiyatlansa da, MBA oyunçuları iyulun 30-da bərpa ediləcək çempionatı səbirsizliklə gözləyir. Bu da səbəbsiz deyil. Axı Orlandoda təşkil ediləcək çempionatda basketbolçuların təhlükəsizliyinə tam təminat verilir.
Bunu basketbol ictimaiyyətinin öz dilindən də eşidə bilərik. Belə ki, mövsümün bərpa edilməsində böyük rolu olan “Leykers”in lideri Lebron Ceyms çempionatın yüksək səviyyədə təşkil olunacağına inandığını söyləyib: “Mən MBA-nın və onun rəhbəri Adam Silverin bizim təhlükəsizliyimiz üçün əlindən gələni etməsinə inanıram. Doğrudur, müəyyən problemlərin yaşanacağı istisna deyil. Amma bütün basketbolçular əl-ələ verərək sonda finiş xəttini uğurla keçəcək. Heç bir problem müqavimətimizi qıra bilməyəcək”.
Elə “San Antonio” baş məşqçisi Qreqq Popoviç də çempionatın yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu bildirib: “Mövsümü Orlandoda bərpa etmək çox düşünülmüş bir addımdır. Mən inanmıram ki, hansısa başqa bir şəhərdə çempionatı belə təhlükəsiz şəkildə keçirmək mümkün olardı. Mən mövsümün yüksək səviyyədə sona çatdırılacağına əminəm”
Yeri gəlmişkən, “Klippers”in baş məşqçisi Dok Rivers də mövsümün bərpa olunması ilə bağlı fikirlərini bölüşüb: “Hamımız təlimatlandırılmışıq. Biz Orlandoya missiya arxasınca gəlmişik.Heç nə bizim fikrimizi yayındıra bilməz. Burada hər şey mənim ürəyimcədir. MBA rəhbərliyi mövsümün bərpası üçün mükəmməl iş görüb”. Qeyd edək ki, bəzi basketbolçular Orlandodakı şərait və yeməyin keyfiyyətindən narazı qalıb. Amma onların adı ictimayyətə açıqlanmır.

CANLI YAYIM