ATP ABŞ-dakı turnirlərlə bağlı tennisçilərlə videomüşavirə keçirəcək

13 İyul, 12:00 Sosial mediada paylaşın:
ABŞ-da koronavirusla bağlı vəziyyət ürəkaçan olmadığına görə bəzi tennisçilər mövsümün bərpasından sonra bu ölkəyə yollanmaq istəmir. Bu məsələ ilə əlaqədar hətta “US Open”in keçirilməsi də sual altındadır.
ATP tennisçilərlə ABŞ-da keçirilməli olan turnirlərin bərpası ilə bağlı videomüşavirə keçirəcək. Bu barədə İspaniyanın nüfuzlu “Marka” nəşri məlumat yayıb. Mənbənin yazdığına görə, qurumun rəhbərliyi tennisçilərin mövqeyini öyrənmək istəyir. Məsələ ondadır ki, bəzi raketka ustaları ABŞ-da koronavirusla bağlı vəziyyətin acınacaqlı həddə çatmasına görə bu ölkəyə yollanmaq istəmir. Ümumiyyətlə, tennisçilərin əksəriyyəti mövsümün sentyabr ayında bərpa edilməsini arzulayır. Onlar “US Open” baş tutacağı halda belə yalnız Avropada torpaq kortlarda keçiriləcək turnirlərdə yarışmağı planlaşdırır. ATP oyunçularla videokonfrans təşkil etdikdən sonra onları məşqçiləri ilə də eyni formatda müşavirə keçirməyi planlaşdırır. Müzakirə olunacaq məsələlərdən biri də tibbi sığorta ilə bağlı narahatlıqdır. Belə ki, tennisçilər ABŞ-da koronavirusa yoluxandan sonra təzminat almağı da fikirləşirlər.
Yeri gəlmişkən, belçikalı tennisçi David Qoffen mətbuata açıqlamasında “US Open”ə qatılacağına əmin olmadığını söyləyib. O, indiki vəziyyətdə qeyri-müəyyənlikdən də şikayətlənib. Qoffen bəzi məşhur tennisçilərin koronavirusa yoluxması faktının ürəkaçan olmadığını, üstəlik ABŞ-da da yoluxucu infeksiyanın yayılmasının onlarda narahatlıq doğurduğunu bildirib. Belçikalı tennisçi hər idmançının özü ilə ABŞ-a iki nəfəri aparmalı olması ilə bağlı qaydanın doğru olmadığını və belə bir şəraitdə yüksək səviyyədə mübarizə aparmnağın mümkünsüzlüyündən danışıb.

CANLI YAYIM