Bəzi MXL oyunçuları meydana çıxmaqdan imtina edir

13 İyul, 11:00 Sosial mediada paylaşın:
MBA-da mövsümün bərpasından sonra bir neçə basketbolçunun koronavirusa yoluxa biləcəyi səbəbindən meydana çıxmaqdan imtina etdiyini xəbər vermişdik. Artıq avqustun 1-də bərpa ediləcək MXL-də də eyni proseslər yaşanır. Srağagün ABŞ və Kanada mətbuatı iki xokkeyçinin meydana çıxmaqdan imtina etməsi ilə bağlı məlumat yayıb.
Əvvəlcə, “Kalqari”nin baş meneceri Bred Trelevinq komandanın müdafiəçisi Trevios Hemonikin imtinası ilə bağlı ictimaiyyəti məlumatlandırıb. Klub funksioneri mətbuata açıqlamasında Hemonikin ona zəng etdiyini və mövsümün bərpasından sonra oynamaq istəmədiyini söyləyib. Trelivinq xokkeyçinin seçiminə hörmət etdiklərini də bildirib. Bir neçə saat sonra “Vankuver”in hücumçusu Sven Berçinin də meydana çıxmaqdan imtina etməsi ilə bağlı xəbər yayılıb. Maraqlıdır ki, hər iki xokkeyçi Kanada klubunu təmsil edir.
Yeri gəlmişkən, mövsüm bərpa edildikdən sonra oyunlar zamanı boş tribunalarda süni səs effektindən istifadə olunması ilə bağlı məsələ gündəmdə olmasa da, xokkeyçilər bunu özləri təşkil etmək istəyir. Belə ki, “Arizona”nın baş məşqçisi Rik Tokett oyunun gedişində xokkeyçilərin tətbiq etdiyi müəyyən fəndlərdən sonra ehtiyat oyunçular skamyasında əyləşənlərin səs-küy salmalı olduğunu söyləyib. Sonda draft haqda. Dünən MXL-in rəsmi saytı növbəti mövsüm üçün draft mərasiminin oktyabrın 9-10-da keçiriləcəyi ilə bağlı məlumat yayıb. Amma mərasim adəti üzrə adi qaydada yox, onlayn formatında keçiriləcək.

CANLI YAYIM