Artur və Pyaniçin keçidləri rəsmiləşdi

30 İyun, 14:10 Sosial mediada paylaşın:
“Barselona”nın yarımmüdafiəçisi Arturun “Yuventus”a, “qoca sinyora”dan isə Miralem Pyaniçin Kataloniya təmsilçisinə keçidi həll olunub.
Hər 2 klubun rəsmi saytında transferlər barədə məlumat dərc edilib. Artur Ramos 72 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Üstəlik bu məbləğ əlavə olunacaq bonusla 82 milyona qədər arta bilər. 23 yaşlı yarımmüdafiəçi 2019-2020-ci illər mövsümü yekunlaşan kimi “Yuventus”a qoşula biləcək. Xatırladaq ki, braziliyalı futbolçu 2 il əvvəl 31 milyon avroya “Qremio”dan “Barselona”ya transfer olunmuşdu.  
Gənc  futbolçunun İtaliya təmsilçisinə keçidindən əlavə “Yuventus” un yarımmüdafiəçisi Miralem Pyaniçin “Barsa” ya gələcəyi  ilə bağlı da Kataloniya təmsilçisinin saytında xəbər verilib. Bosniya və herseqovinalı oyunçu üçün qarşı tərəfə daha az – 60 milyon avro ödəniləcək. Bonus vəsait isə 5 milyon avro təşkil edə bilər. Pyaniçin müqaviləsində sərbəst qalma haqqı 400 milyon avro olacaq.
Xatırladaq ki, təcrübəli yarımmüdafiəçi 2016-cı ildə Arturla demək olar ki, eyni qiymətə - 32 milyon avroya “Roma”dan “Yuventus”a keçmişdi.

CANLI YAYIM