Tennis turnirində koronavirusa yoluxma qalmaqala çevrilib

25 İyun, 10:47 Sosial mediada paylaşın:
   Xorvatiyanın Zadar şəhərində keçirilən turnirdə Novak Cokoviç, Qriqor Dimitrov və Borna Çoriçin koronavirusa yoluxması tennis aləmində böyük qalmaqala səbəb olub. Təşkilatçıların səhlənkarlığı ucbatından tamaşaçıların tribunaya buraxılması nəticəsində virusun iştirakçılar, azarkeşlər, hətta jurnalistlər arasında yayılması ciddi müzakirələrə yol açıb.
“Adria Tour” yarışında  Qriqor Dimitrov, Borna Çoriç və daha sonra Novak Cokoviçin  koronavirusa yoluxması tennis ictimaiyyətinin  əsas müzakirə mövzusuna çevrilib. Novak Cokoviçin təşəbbüsü ilə test xarakterli turnirin təşkilatçıları bir-birlərini məsuliyyətsizlikdə ittiham etməyə başlayıb. Bəziləri serbiyalı raketka ustasını belə bir yarış keçirdiyinə görə tənqid edir. Tennisçinin atası  Srcan isə Qriqor Dimitrovu qınayıb. Məsələ ondadır ki,  yoxlanış zamanı əvvəlcə məhz Bolqarıstan idmançısında virus aşkarlanıb. Novakın atasının sözlərinə görə, özünü yoxlamadan Xorvatiyaya gələn Dimitrov Balkan yarımadasının əhalisinə xəyanət edib. Dimitrovun meneceri Georgi Stoymenov isə gileylənib ki, nəyə görə Qriqoru Belqrad və Zadarda yoxlamayıblar. Onun sözlərinə görə Serbiyaya gələndən əvvəl Qriqor 3 ay özünü cəmiyyətdən təcrid edib.
Böyük ehtimalla, virusa o, məhz bu turnirdə yoluxub. Belə olduqda isə məsuliyyəti təşkilatçılar daşıyır.  Argentinalı tennisçi Qido Pelya da buna görə turnirin təşkilatçılarını günahlandırıb. O, belə vəziyyətdə tennis yarışları keçirməyin düzgün olmadığını deyib. Pelyanın fikrincə, insanları təhlükəyə saldığına görə Novak tennis dünyasına, ümumiyyətlə bütün bəşəriyyətə hörmətsizlik edib. Rusiyalı tennisçi Svetlana Kuznetsova isə bu qalmaqaldan sonra avqustda mövsümün bərpasına şübhə ilə yanaşdığını söyləyib. Halbuki, ATP və WTA təxminən ayyarımdan sonra turnirlərin davam etdiriləcəyini elan etmişdi. Kuznetsova bundan sonra heç kimin tennis oynamağa haqqının olmadığını bildirib.  

CANLI YAYIM