Sindzo Abe: "Təmtəraqa deyil, təhlükəsizliyə önəm verəcəyik"

19 İyun, 11:03 Sosial mediada paylaşın:
Tokio 2020 Yay Olimpiya oyunlarının əvvəlki yarışlar kimi təmtəraqlı olmayacağı barədə həm təşkilatçılar, həm də Beynəlxalq Olimpiya komitəsinin rəsmiləri açıqlama vermişdilər. Yaponiya baş naziri Sindzo Abe də bu qərarı dəstəkləyib. O, dünyanın dörd bir yanından gündoğar ölkəyə gələcək atletlər üçün ən yüksək səviyyəli şəraitin yaradılacağını da bildirib.
Yaponiyanın paytaxtı Tokioda gündoğar ölkənin baş naziri Sindzo Abenin iştirakilə mətbuat konfransı keçirilib. O, gələn ilə təxirə salınan olimpiadanın təşkili barədə fikir bildirib. Abe söyləyib ki, yarışın təşkilat komitəsinin üzvləri və Beynəlxalq Olimpiya komitəsinin rəhbəri Tomas Baxın fikirlərini dəstəkləyir. Xatırladaq ki, Tokio 2020-nin əvvəlki olimpiadalar kimi təmtəraqla deyil, daha sadə formatda keçiriləcəyi bəyan edilmişdi. Sindzo Abe atletlərin təhlükəsizliyinin qalan bütün məsələlərdən daha vacib olduğunu deyib:"Bəli, olimpiadanı bacardığımız qədər sadə formatda keçirəcəyik. Beynəlxalq Olimpiya və təşkilat komitələrinin fikirlərini dəstəkləyirik. Tomas Baxla məsləhətləşəndən sonra qərar verdik ki, effektlilik qorunmaq şərtilə xərclər minimuma endiriləcək. Atletlər ölkəmizdə özlərini təhlükəsiz və rahat hiss etməlidilər. Elə yarışı gələn ilə təxirə salmağımızın məqsədi də bu, deyilənləri lazımi səviyyədə icra etmək istəyimizdir.  Ümid edirik ki, pandemiyaya qalib gələrək əvvəlki həyat tərzinə qayıdacağıq". 
Gələn il keçiriləcək Tokio 2020 Yay Olimpiya oyunlarının təşkili iyulun 23-dən avqustun 8-dək nəzərdə tutulub.

CANLI YAYIM