Jelko Obradoviç "Fənərbağça"da qalır

19 İyun, 10:18 Sosial mediada paylaşın:
Son illər Avroliqanın güclü komandalarından birinə çevrilən “Fənərbağça” bu dəfə imkanlarından aşağı səviyyədə çıxış etdi. Görəsən, İstanbul basketbolçuları növbəti mövsüm yenidən iddiasını artıra biləcəkmi?Klub rəhbərliyi baş məşqçi Jelko Obradoviçi saxlamaqla bu yöndə ilk addımını artıq atıb.
“Fənərbağça”nın baş məşqçisi Jelko Obradoviç növbəti mövsümdə də İstanbul klubunda fəaliyyət göstərəcək. Bu barədə Türkiyə və Yunanıstan mətbuatı məlumat yayıb.Bildirilir ki, “Fənərbağça”nın prezidenti Ali Koçla görüşən serbiyalı mütəxəssis əməkdaşlığı davam etdirməklə bağlı razılığa gəlib. Yaxın günlərdə isə, təcrübəli məşqçi “sarı lacivərdlilər”lə müqaviləni daha iki il müddətinə yeniləyəcək. Maraqlıdır ki, son günlər Türkiyə mətbuatı Obradoviçin İstanbulda karyerasının perspektivlərinə şübhə ilə yanaşırdı. Məsələ ondadır ki, klubun borclarına və pandemiyanın yaratdığı maliyyə böhranına görə “Fənərbağça” rəhbərliyi basketbol şöbəsinin xərclərini 50 faizə qədər azaldacaq. Ali Koç mətbuata açıqlamasında hətta söyləmişdi ki, Avroliqadan gələn gəlir komandaya çəkdiyi xərcləri ödəmir. Görünür, Avropanın digər klublarından ciddi təklif almadığına görə, serbiyalı mütəxəssis iş yerini dəyişmək istəməyib. Onun qərarına aparıcı basketbolçular Kostas Slukas, Nando De Kolo, Luici Datome və Yan Veselının növbəti mövsümdə “Fənər”də qalması da öz təsirini göstərib.
Xatırladaq ki, Obradoviç məşqçi kimi 5 müxtəlif klubla 9 dəfə Avroliqanın qalibi olub. Həmin yarışlarda onun başçılığı ilə “Panatinaikos” 5, “Fənərbağça”, “Xoventud”, “Real” və “Partizan” komandaları isə hərəyə bir dəfə fəxri mükafatın sahibi olub. 2013-cü ildən “Fənərbağça”da işləyən mütəxəssis hazırda Avroliqanın ən titullu məşqçisidir.

CANLI YAYIM