Fettel məvacibinin azaldılmasına razılaşmayıb

11 İyun, 11:17 Sosial mediada paylaşın:
Yeni mövsümə hazırlaşan “Ferrari” komandasında ab-havanın ideal olduğunu söyləmək çətindir. Problem təkcə mövsümün sonunda Sebastyan Fettelin komandanı tərk edəcəyi ilə əlaqədar deyil. Fettel həmçinin pandemiyaya görə r məvacibinin azaldılmasının da əleyhinə çıxıb.
Pandemiya ilə əlaqədar “Ferrari” rəhbərliyi komandanın əməkdaşlarının məvacibinin 25 faiz kəsilməsi ilə bağlı qərar qəbul edib. Avropa mətbuatının məlumatına görə, komandanın monte karlolu pilotu Şarl Lekler bu qərara etirazını bildirməyib. Sebastyan Fettel isə məvacibinin azaldılmasına qarşı çıxıb. Doğrudur, bəzi mənbələr bu qərarın pilotlara aid olmadığını yazır. Buna rəğmən, Lekler könüllü surətdə maaşının 25 faizindən imtina edibsə, Fettel ona qoşulmayıb. Amma bu heç də o demək deyil ki, 4 qat dünya çempionu pandemiya dövründə xeyriyyə aksiyalarında iştirak etməyib. Sebastyan “Ferrari”dən əldə etdiyi əməkhaqqının bir hissəsini ianə kimi sərf edəcək. Xatırladaq ki, bir müddət əvvəl “Real”ın almaniyalı futbolçusu Toni Kroos da eyni hərəkəti ilə yadda qalmışdı. Fettelin həmyerlisi mətbuata açıqlamasında məvaciblərinin azaldılmasına qarşı olduğunu söyləmişdi. Almaniyalı futbolçu bildirmişdi ki, xeyriyyə aksiyalarına xərcləyəcəkləri pulu özləri müəyyənləşdirsələr daha yaxşı olar. Kroosun sözlərinə görə, hazırda komandalardan çox sadə insanların pula ehtiyacı var.

CANLI YAYIM