Avroliqa titullu sponsorunu itirdi

3 İyun, 10:17 Sosial mediada paylaşın:
Koronavirus  təkcə idman yarışlarının ləğvinə səbəb olmur.  Bəşəri bəla həm də müxtəlif turnirlərin titullu sponsorları ilə əməkdaşlağına da mənfi təsir göstərir.  Bu amili  basketbol üzrə Avroliqa yarışının iştirakçıları daha çox  hiss edəcək...
“Türk hava yolları” basketbolçuların  Avroliqasına sponsorluğuna son qoyub. Bunun səbəbi haqda rəsmi açıqlama verilməsə də, əməkdaşlığın pandemiyaya görə dayandırılması heç kimə sirr deyil. Belə ki, koronavirus dünyaya yayılandan sonra ölkələr arasında sərhədlərin bağlanması aviaşirkətin büdcəsinə ciddi zərbə vurub. Məhz bunu nəzərə alan şirkət  öz vəsaitinə qənaət etməyi  qərara alıb. Qeyd etmək lazımdır ki,  Türkiyə ictimaiyyəti bu qərarı  müsbət qarşılayıb. Belə ki, əsasən ispaniyalıların nəzarət etdiyi bir turnirə maliyyə yardımı ayırmaq  artıq xərc sayılır. Məsələ ondadır ki, liqada  İspaniyanın 4, Türkiyənin isə yalnız 2  komandası çıxış edir. Elə bu məqamın özü   də Türkiyə basketbol ictimaiyyəti arasında böyük narazılığa səbəb olmuşdu.  Avroliqanın prezidenti hər dəfə mətbuata açıqlamasında “Türk  hava yolları” ilə uzun müddət əməkdaşlıq edəcəklərini söyləsə də, qarşı tərəf 10 ildən sonra münasibətlərə, nəhayət,  son qoyduğunu bildirib. İndi  Avroliqanın hansı sponsorla anlaşacağı maraqla gözlənilir.
Yeri gəlmişkən əlavə edək ki, Rusiyanın  “Aeroflot” aviaşirkləti də liqanın  favoritlərindən olan SSKA ilə əməkdaşlığı dayandırmaq niyyətindədir.

CANLI YAYIM