Aşağı reytinqli tennisçilərə yardım ayrılıb

19 May, 11:34 Sosial mediada paylaşın:
Pandemiya dövründə tennis turnirlərinin ləğv olunması tennisçiləri qazanc imkanlarından məhrum edib. Əgər komanda yarışlarının idmançıları müqavilə üzrə klublardan məvacib ala bilirsə, raketka ustaları müqaviləsiz oynadıqlarına və heç kimin qarşısında öhdəliyi olmadığına görə maliyyə itkisi ilə üzləşirlər. Bu amili nəzərə alan ATP və WTA aşağı reytinqli tennisçilərə yardım etməyi öz üzərinə götürüb.
Tanınmış tennisçilər pandemiyadan əvvəl müxtəlif mötəbər turnirlərdə çoxlu pul mükafatı qazandığına görə,güman etmək olar ki, onlar karantin zamanı maliyyə çətinliyi çəkməyəcəklər. Amma yüksək gəliri olmayan raketka ustaları hazırda maddi sıxıntıya məruz qalır. Buna görə ATP və WTA rəhbərliyi reytinqdə 101-ci yerdən 500-cü pilləyə qədər qərarlaşan idmançılara maliyyə yardımı ayırmağı qərara alıb. Belə ki, yarış keçirilməyən hər aya görə kişi tennisçilər hərəyə 4325 dollar, qadınlar isə 5200 dollar vəsait alacaq. ATP-nin maliyyə yardımının nisbətən az olmasının səbəbi var. Belə ki, burada mübarizə aparan idmançılar qrand mükafatı da alır.
Onu da qeyd edək ki, son bir ildə 250 min, son 4 ildə isə 1 milyon dollardan artıq qazanan kişi tennisçilərə yardım ayrılmayacaq. Qadınlarda isə bu göstərici son bir ildə 350 min, son 4 ildə 1,4 milyon, karyeraları boyunca isə 3,5 milyon dollardan artıq olanlara maliyyə yardımı edilməyəcək.

CANLI YAYIM