MXL rəhbərliyi nikbinliyini itirmir

14 May, 11:00 Sosial mediada paylaşın:
MBA kimi MXL-də də qeyri-müəyyən vəziyyət idman həvəskarlarının narahat edir. Dünyanın bir nömrəli xokkey liqasında oyunçular nəinki fərdi məşqlərə başlaya, heç karantin rejimindən çıxa bilmir. Amma MBA rəhbərliyindən fərqli Milli Xokkey Liqasında mövsümün ləğv edilməsi ehtimalından danışan da yoxdur...
MXL rəhbərliyi mövsümün bərpa ediləcəyinə ümid bəsləyir. Düzdür, hazırda ABŞ dünyada koronavirusdan əziyyət çəkən ölkələr arasında ilk sırada qərarlaşıb. Amma nədənsə liqanın komissarı Qari Bettmen nikbinliyini itirmir. Amerika mətbuatına müsahibəsində qurumun rəhbəri mövsümü ləğv etmək haqda fikirləşmədiklərini söyləyib: “Artıq ABŞ-ın müəyyən ştat və şəhərlərində normal həyatın cücərtilərini görürük. Fikrimcə, qaydalara doğru əməl etsək, mövsümü tam şəkildə keçirə bilərik. Biz çempionatın bərpasının tərəfdarıyıq. Məsələ şəffaf şəkildə öz həllini tapmalıdır. Lazım gəlsə, formatı da dəyişə bilərik. Amma hələ ki, mövsümün ləğvi haqda düşünmürük”.
Yeri gəlmişkən, ABŞ mətbuatı mövsümün bərpası zamanı müəyyən qaydaların tətbiq olunacağı ilə bağlı məlumatlar da yayıb. Məsələn amerikalı virusoloqların fikrincə, çempionat davam etdiriləcəyi halda xokkeyçilər meydana qoruyucu maskarla çıxmalıdır. Bununla yanaşı oyunçuların meydanda dava-dalaşlarına da son qoyulmalıdır. Hakim şaybanı yerə atarkən xokkeyçilər sosial məsafəni gözləməlidir.

CANLI YAYIM