Fetteli Sayns əvəzləyəcək

13 May, 11:21 Sosial mediada paylaşın:
Sebastyan Fettelin ilin sonunda “Ferrari”dən ayrılacağı Formula 1 ictimaiyyətinin əsas müzakirə mövzularındandır. 4 qat dünya çempionunun İtaliya komandasını tərk etməsinin səbəblərilə bağlı müxtəlif fikirlər dolaşır. Amma ən aktual məsələ budur ki, “Ferrari”də onu kim əvəzləyəcək?
Əslində Fettelin “Ferrari”dən gedəcəyini gözləmək olardı. Şarl Leklerin gəlişindən sonra “qırmızı bolid”də yaxşı çıxış edə bilməyən almaniyalı pilot yeni müqavilənin şərtləri ilə bağlı rəhbərliklə çətin ki, dil tapaydı. Çünki “Ferrari” ona heç bir titul qazandırmayan sürücüyə əvvəlki məvacibi təklif etməyəcək, öz növbəsində dördqat dünya çempionu da maaşının azalmasına razılaşmayacaqdı. Bu, nə qədər ağlabatan ehtimal olsa da, alman jurnalistlər məsələyə başqa prizmadan baxıblar. “Bild” nəşrinin məlumatına görə, Fettel “Ferrari”dədən getməsinin səbəbi başqadır. Deyilənə görə, Şarl Lekler Skuderiya komandasının sıralarına qoşulduqdan sonra rəhbərlik pilotlara eyni gözlə baxmayıb. Bu isə Sebastyana xoşuna gəlməyib. Eyni zamanda onun “Ferrari”də çempionluq uğrunda mübarizə apara bilməyəcəyini dərk etməsi və buna görə iş yerini dəyişmək istədiyi ilə bağlı versiyalar da dolaşır. Amma almaniyalı pilotun hansı komandaya üz tutacağı haqda konkret variant deyilmir.
Fettelin yerinə “Ferrari”nin Karlos Saynsı gətirəcəyi ilə bağlı xəbər yayılıb. “Motorsport” nəşri yazır ki, italyanlar yaxın günlərdə ispaniyalı pilotla müqavilə bağlayacaq. Ötən mövsüm 6-cı yeri tutan Saynsla yanaşı “Ferrari”nin Daniel Rikkardo və Antonio Covinatsi ilə maraqlandığı da bildirilirdi. Amma son illər yüksəlişdə olan 25 yaşlı ispaniyalı pilotun “Ferrari”yə keçəcəyi daha real görünür.

CANLI YAYIM