FİDE prezidenti onlayn şahmatın müxtəlif cəhətlərini fərqləndirdi

2 May, 13:02 Sosial mediada paylaşın:
Koronavirus pandemiyası bütün idman yarışlarını sıradan çıxarsa da, bu sözləri şahmata tam aid etmək olmur. Hazırda dünyanın ən güclü qrossmeysterləri müxtəlif onlayn turnirlərdə qüvvələrini sınayır. Amma şahmat indiki vəziyyətdə aktuallığı itirməsə də, bu idman növü üzrə onlayn yarışların keçirilməsinin müəyyən mənfi cəhətləri yetərincədir...
Təbii ki, indiki şəraitdə heç kim vəziyyətə şahmatçılar qədər doğru və dolğun izah verə bilməz. Bununla bağlı bütün məqamları turnir təşkilatçılarının da daha obyektiv təhlil etməsi mümkündür. Bu baxımdan FİDE prezidenti Arkadi Dvorkoviçin fikirləri ilə tanış olmaq yerinə düşərdi. O, Rusiya mətbuatına açıqlamasında onlayn şahmat turnirlərinin mənfi və müsbət tərəflərindən danışıb: “Hər cür məhdudiyyətə baxmayaraq, şahmat yarışları davam etdirilməlidir. Şahmatı digər idman növlərindən fərqləndirən cəhət budur ki, onu həm real şəkildə, həm də onlayn qaydada oynamaq olar. Əlbəttə, onlayn şahmatın mənfi cəhətləri də var. Məsələ ondadır ki, şahmatçılar real həyatda üz-üzə gələrkən, bir-birlərinə psixoloji təzyiq göstərə bilir. Bununla yanaşı, kompyuter arxasında əyləşən şahmatçı xüsusi proqramlar vasitəsi ilə hansı gedişi edəcəyini müəyyənləşdirməkdə çətinlik çəkmir. Məhz bu amillərə görə biz onlayn qaydada dünya çempionatı keçirə bilmirik.Hələ ki, biz sınaq mərhələsindəyik və müəyyən riskləri görə bilirik. İstənilən halda, şahmat öz gözəlliyini itirmir. Lövhədə baş verən proseslər maraqlı və həyəcanlıdır. Oyun gedərkən, videolövhədə şahmatçıların hansı hissləri keçirdiyini də görə bilirik. Fikrimcə, onlayn şahmat bu idman növünün inkişafına səbəb olacaq. Biz dünyanın hər bir yerindən insanların prosesə cəlb olunduğunu görürük. Artıq idman xəbərlərinin əsas mövzularından biri məhz şahmatdır”.

CANLI YAYIM