Federer gələn il də korta çıxacaq

4 Aprel, 13:37 Sosial mediada paylaşın:
Rocer Federer növbəti mövsüm Qalledəki turnirdə iştirak edəcəyini açıqlayıb.
Bu da o deməkdir ki, “Böyük Dəbilqə” seriyasının 20 qat qalibi 2021-ci ildə də korta çıxacaq. Halbuki, bir ara isveçrəli raketka ustasının karyerasını bu il başa vuracağına dair məlumatlar dolaşırdı. Koronavirus hələ epidemiya xarakteri daşıyanda Federerin “Rolan Qarros”da çıxış etməyəcəyini söyləməsi tennis aləmində səs-küyə səbəb olmuşdu. Bəziləri bu sözləri Rocerin karyerasını bitirəcəyinə işarə olduğunu iddia edirdi. Düzdür, Federer “Vimbldon”a qədər sıraya qayıdacağını demişdi. Koronavirus pandemiyaya çevrildikdən sonra isə onun bir daha korta çıxmayacağını söyləyənlər daha da fəallaşdı.
Ancaq isveçrəli sosial şəbəkələrdə pərəstişkarlarına müraciət edərək şübhələri alt-üst edib: “İndi çox çətin dövrləri yaşayırıq. Amma biz bu vəziyyətdən çıxış yolu tapacağıq və daha güclü olacağıq. İndi mən gələn ilki Qalle turnirini səbrsizliklə gözləyirəm. Özünüzü qoruyun!”

CANLI YAYIM