İddiaçıların turniri tamaşaçılarsız keçirilə bilər

12 Mart, 12:40 Sosial mediada paylaşın:
Dünya şahmat tacına iddiaçıların Yekaterinburqdakı turniri tamaşaçısız keçirilə bilər.
Rusiya mətbuatına açıqlama verən FİDE prezidenti Arkadi Dvorkoviç koronavirus təhlükəsinə görə şahmatçıların boş zalda mübarizə aparacağını istisna etməyib. O, vəziyyətin pisləşəcəyi halda yarışın hətta təxirə salınacağını da söyləyib. Amma indiki məqamda buna ehtiyac duyulmadığını söyləyən Dvorkoviç şahmatçıların sağlamlığının təhlükəsizliyi üçün hər cür şərait yaradacaqlarını bildirib. FİDE prezidentinin sözlərinə görə turnirin iştirakçılarından çinli qrossmeyster Dinq Liren hazırda Rusiyada karantinə alınıb. Çini təmsil edən digər şahmatçı Van Hao isə uzun müddət vətənində olmadığından onu nəzarət altında saxlamağa gərək yoxdur.
Xatırladaq ki, iddiaçıların turnirinin açılışı martın 16-da olacaq. Teymur Rəcəbov da bu yarışda iştirak etməli idi. Azərbaycan qrossmeysteri yarışın təxirə salınmasını tələb etdiyinə görə adı siyahıdan çıxarılıb və o, fransalı M.Vaşye-Laqravla əvəzlənib. Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, əgər FİDE iddiaçıların turnirini təxirə salıb başqa vaxta keçirsə, o zaman T.Rəcəbovun yenidən iştirakçıların sırasına qaytarılması mümkündür.