Qurban Qurbanov: "Emil Balayevlə maraqlanmırıq, əcnəbi qapıçı axtarırıq"

13 Yanvar, 15:09 Sosial mediada paylaşın:
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mövsümün ikinci dövrəsinə hazırlıqla bağlı fikirlərini bölüşüb.
Sport24.az saytına müsahibə verən təcrübəli mütəxəssis planlarından danışıb. O, yeni transferlər həyata keçirmək üçün axtarışda olduqlarını dilə gətirib: “Fikrimcə, transferlər olacaq. Düzdür, qışda belə məsələlərlə bağlı qərar vermək çətin olur. Bu, yalnız o halda asan olur ki, futbolçunun hansısa klubla müqaviləsi olmasın. Xidmətində maraqlı olduğumuz futbolçuların klubları ilə danışıqlar gedir. Neçə futbolçu alacağımızı indidən deyə bilmərəm. 2, 3 və ya 4 futbolçu da ala bilərik. Qapıçı axtarışındayıq. Bir müdafiəçi istəyirik. İki yarımmüdafiəçiyə və bir yeni hücumçuya ehtiyacımız var. Bizə mərkəz yarımmüdafiəçisi hökmən lazımdır. Digəri cinah oyunçusu da ola bilər".
Qurbanov "Tobol"dan ayrılmaq üzrə olan Emil Balayevlə maraqlanmadıqlarını da söyləyib: "Xeyr, onunla bağlı heç bir danışığımız olmayıb. Əlbəttə, Balayev yaxşı qapıçıdır, uğurlu bir mövsüm keçirib, amma o, bizim planlarımıza daxil deyil. Əcnəbi qapıçı axtarırıq. Əsas diqqətimizi  Avropa ölkələrinə yönəltmişik. Dəqiq heç nə deyə bilmərəm. Yalnız onu deyim ki, həmin ölkələr arasında İspaniya da var”.

CANLI YAYIM