Keyn aprel ayına qədər "Tottenhem"ə kömək edə bilməyəcək

10 Yanvar, 15:12 Sosial mediada paylaşın:
"Tottenhem" və İngiltərə millisinin hücumçusu Harri Keyn  zədə səbəbinə görə aprel ayına qədər yaşıl meydanlardan kənarda qalacaq. 
İngiltərə Premyer Liqasının 21-ci turunda "Sauthempton"la  matçda zədələnən 26 yaşlı hücumçu meydanı vaxtından əvvəl tərk etməli olub. Həmin görüşdə minimal hesabla məğlub olan "Tottenhem", bu azmış kimi həm də  önəmli oyunçusunu itirib. Dizaltı vətərlərini zədələyən Harri Keynin əməliyyət olunandan sonra 3 ay futbol oynamayacağı məlum olub. Hazırda Premyer Liqada  30 xalla 6-cı sırada qərarlaşan londonlular növbəti oyunlarını çempionatın lideri "Liverpul"a qarşı keçirəcək. Federasiya  kuboku yarışının 3-cü mərhələsində ilk görüşdə  "Midlsbro"nun müqavimətini qıra bilməyən  Tottenhem futbolçuları  Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniyanın "Leyptsiq" komandasına qarşı da Harri Keynsiz mübarizəli aparmalı olacaqlar. Baş məşqçi Joze Mourinyonun  hücum xəttində Harrinin  yoxluğunu doldurmaq üçün hansı addımı atacağı maraqla gözlənilir. Komandanın heyətində Hyun Min Son,  Dele Alli, Erik Lamela, Lukas Moura  və Covanni Lo Selso kimi hücumameyilli futbolçular olsa da, onların heç biri mərkəz hücumçusu deyil.  17 yaşlı irlandiyalı Troy Perrotun isə təcrübəsinin və oyun praktikasının çox az olması Joze Mourinyonu daha da dərindən düşünməyə vadar edir. Belə olan halda portuqaliyalı mütəxəssis  qış transfer pəncərəsindən faydalanaraq hücumçu transfer etməyi planlaşdırır.
Britaniya mətbuatında yazılan xəbərlərə əsasən, hədəf İtaliyanın Milan komandasında əsas heyətdəki yerini itirən Kşiştof Pyontekdir .  Ötən mövsümdə "Cenoa" və "Milan"ın heyətində çıxış edərək  A Seriyasında 22 dəfə fərqlənən polşalı futbolçu cari mövsüm rəqiblərinin qapısından cəmi 4 top keçirə bilib.  24 yaşlı Pyontekin də  "Milan"ı tərk etmək istədiyi deyilir. Nəzərinizə çatdıraq ki, "Tottenhem"in heyətində Harri Keyndən savayı əsas qapıçı Uqo Lyoris, sol cinah müdafiəçiləri Ben Deyvis və Denni Rouz, yarımmüdafiəçilərdən Tangi Endombele və Musa Sissoko da zədəlilər sırasındadır.

CANLI YAYIM