Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Niderland yığması ilə qarşılaşıb

8 Yanvar, 12:30 Sosial mediada paylaşın:
Yanvarın 7-də Niderlandda qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirində ilk oyununu keçirib. Millimiz Apeldorn şəhərində meydan sahibləri ilə qarşılaşıb. Görüş Niderland yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Səkkiz ölkənin mübarizə apardığı yarış “Tokio 2020” Yay Olimpiya Oyunlarına Avropadan sonuncu iştirakçının adını müəyyənləşdirəcək. Təsnifat turnirinin iştirakçıları axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub. Azərbaycan millisi A qrupunda Niderland, Bolqarıstan və Polşa millilərinə qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri güclərini sınayacaqlar. Turnirin qalibi Olimpiadaya bilet əldə edəcək. Qeyd edək ki, millimiz növbəti oyununu yanvarın 9-da Bolqarıstana qarşı keçirəcək.