Şenol Günəş: "Azərbaycan millisi ilə hazırlıq matçı oynaya bilərik"

14 Dekabr, 12:13 Sosial mediada paylaşın:
Bu günlərdə ölkəmizə  gələn Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Türkiyə mətbuatına Bakı təəssüratlarını bölüşüb.
AÇ-2020-də Bakıda 2 oyun keçirəcək Türkiyə millisinə yaradılacaq şəraitlə tanış olan Günəş paytaxtımızda hər şeydən razı qaldığını söyləyib: "Təlim-məşq bazalarına baxmaq və digər məsələlər üçün Bakıya getdik. Orada bizə qarşı sevgi gördük. Bizi indidən bağırlarına basdılar".
Türkiyə millisinin çalışdırıcısı hətta yığmamızla oynaya biləcəklərini də söyləyib: “Orada mətbuat konfransı təşkil etməyi planlaşdırırıq. Azərbaycan ilə hazırlıq matçı da oynaya bilərik. Avropa çempionatındakı qarşılaşmaları evimizdə oynayacağıq. Bunun duyğusunu indidən bizə yaşatdılar. Matçlarda da tam olaraq dəstək görəcəyimizi bilirik. Buna görə şanslıyıq". 
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

CANLI YAYIM