Hacı Əliyev ALROSA Kubokunda qələbə qazanıb

1 Dekabr, 14:20 Sosial mediada paylaşın:
Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA Kuboku keçirilib.
 
Ənənəvi yarışda sərbəst güləş yığmamızın üzvləri ölkəmizi təmsil edib. İki gün davam edən turnirdə baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) mübarizə aparıb.
 
Noyabrın 29-da olimpiya çəkiləri üzrə fərdi mübarizəyə start verilib. Ancaq ən yüngül çəkidə cəmi 2 iştirakçı olduğundan bu kateqoriyada fərdi yarış keçirilməyib. Həmin gün Şərif Şərifov (97 kq) iranlı Məhəmməd Məhəmmədi üzərində əzmkar qələbə qazanıb - 5:4. Hacı Əliyev (65 kq) II Avropa Oyunlarının finalında məğlub etdiyi gürcü Vladimir Xinceqavilini növbəti dəfə üstələyib - 7:3. Beləliklə, hər iki güləşçimiz ertəsi gün Rusiya və dünya yığması qarşılaşmasında iştirak hüququ əldə edib.
 
Hacımurad Hacıyev (74 kq) ilk görüşdə gürcü Avtandil Kençadzeyə (2:12), Cəbrayıl Həsənov (86 kq) isə rusiyalı Məhəmməd Ramazanova (1:4) uduzub. Ancaq yığma üzvləri bürünc medal əldə edib. Belə ki, axşam seansında Hacıyev kubalı Kabalyero Qarzondan (7:2), Həsənov isə moldovalı Petr Yanulovdan (3:0) güclü olub.
 
Bu gün həlledici qarşılaşmalar baş tutub. Hacı son Avropa çempionatında məğlub etdiyi rusiyalı Naçın Kuulara növbəti dəfə qalib gəlib. Əliyev son saniyələrdə icra etdiyi uğurlu fəndlə 5:4 hesablı qələbəyə sevinib. Edişeraşvili yerli Ramiz Həmzətova (4:7), Şərifov isə Rusiyanın digər təmsilçisi Əlixan Cəbrayılova (2:5) yenilib.