Haqqımızda

İDMAN TV KANALI HAQQINDA

"İdman" telekanalı fəaliyyətə başladığı ilk günlərdən ölkəmizdə aparılan idman siyasətinin uğurla həyata keçirilməsinə çalışır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasətinin istər Azərbaycanda, istərsə də xarici ölkələrdə təbliği və təşviqi faktoru olaraq "İdman" telekanalı bu siyasətdə öz əhəmiyyətli rolunu oynamaqdadır. Belə ki, bu siyasətin mühüm tərkib hissəsi həm də ondan ibarətdir ki, yeniyetmə və gənclərimiz, cəmiyyətimizin bütün üzvləri idman məşğələlərinə cəlb olunsun, bununla da tariximizin sağlam gələcəyi təmin edilsin.


Məhz 2009-cu il fevral ayının 1-də Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan "İdman" telekanalı illərdən bəri bu mərama xidmət edir. Telekanalın maddi-texniki bazası idman yarışlarından reportajların, ayrı-ayrı proqramların operativ şəkildə və canlı olaraq efirə verilməsinə kifayət qədər şərait yaradır. Müxtəlif növlər üzrə Avropa və dünya çempionatlarında, Yay Olimpiya Oyunlarında atletlərimizin uğurlu çıxışları haqqında tamaşaçılara müntəzəm məlumat verilir, nəhəng beynəlxalq turnir və çempionatların yayımı təmin olunur. Buna misal olaraq Bakı-2015 ilk Avropa Oyunlarını, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarını, 4-cü İslam Həmrəyliyi Oyunlarını, Formula 1 yarışlarını göstərmək olar. Bu idman  proqramları müxtəlif qitələrə – 120-dən artıq ölkəyə yayımlanırdı ki, bu vasitə ilə beynəlxalq aləm həm də Azərbaycan haqqında geniş imkanlara malik olurdu. Həmin ənənə hazırda da uğurla davam etdirilir.


Əbəs deyil ki, yarışlardan sonra Prezident İlham Əliyev Azəbaycan Televiziyasının və "İdman" telekanalının yayımlarının keyfiyyətini yüksək qiymətləndirmiş, kollektivin fəaliyyətini nümunə göstərmişdir.


İdman siyasətinin beynəlxalq çərçivədəki müvəffəqiyyətli təbliğinə görə Azərbaycan Televiziyasına Beynəlxalq İdman Yayımı Şirkətinin xüsusi sertifikatı təqdim olunmuşdur.


Hazırda "İdman" telekanalının ayrı-ayrı verilişlərində – "İdman-Xəbər", İdman həftəsi", "Flaqman", "İdman məbədi", "Televiziya şahmat klubu", "Favorit", "Avrofutbol", "İdman və media", "Futbol klubu", "Oyunun hakimi", "İnstasport", "İdman rekordları", "Debüt", "IQ Arena", "Derbi", "Sabahın ulduzları", "İdman korifeylərimiz" və başqa proqramlarda, eləcə də, dünyanın ən maraqlı futbol turnirlərindən sayılan – İspaniya La-Liqası, Almaniya Bundesliqası və İngiltərə Premyer Liqasının oyunlarından reportajlar zamanı müxtəlif yaradıcılıq üsulları tətbiq olunur, tamaşaçıların zövqlərinə cavab verən bir sıra müasir texnoloji imkanlar tətbiq edilir.


O cümlədən, dünya və Azərbaycan idmanının ulduzları haqqında vaxtaşırı sənədli telefilmlər hazırlanıb efirə verilir.


Qeyd edək ki, yaradıcılıq nailiyyətləri ilə birlikdə, texniki uğurlar da az olmayıb. 2010-cu il yanvarın 15-dən proqramların peyk vasitəsilə yayımı başlanıb, verilişlərin gündəlik həcmi 15 saata çatdırılıb.


2015-ci il oktyabrın 12-dən "İdman" telekanalı 24 saatlıq iş rejiminə keçib. Hazırda kanalın proqramları HD formatında yayımlanır. Bu yenilik videotəsvirlərin daha rahat vizual qəbuluna imkan yaradır. Dünya ölkələrində idman kanalı açıq efir vasitəsilə yayımlanmır, buna görə maliyyə vəsaiti ödənilir. Respublikamızda isə tamaşaçılar heç bir aylıq haqq ödəmədən "İdman" telekanalının proqramlarına, müxtəlif ölkələrdən ən maraqlı idman yarışlarına baxa bilirlər. Yay və Qış Olimpiya Oyunları, ümumdünya universiadaları, Avropa Gənclərinin Olimpiya Festivalı, müxtəlif növlər üzrə dünya və qitə çempionatları, Formula-1 turnirləri, UEFA Çempionlar Liqası, Avroliqa, habelə Avropa Voleybol Konfederasiyasının ən mötəbər yarışları, ölkəmizin milli çempionatları məhz bizim kanalda peşəkarlıqla azarkeşlərə təqdim olunur.


Qeyd edək ki, planetimizdə ən çöx maraq doğuran yarışlardan biri – futbol üzrə dünya çempionatının yayımı 2014 və 2018-ci illərdə "İdman" telekanalına həvalə edilmişdi. 2020-ci il Tokio Olimpiadasının respublikamızda yayım hüququ barədə razılıq əldə olunmuşdu və pandemiya səbəbindən 2021-ci ildə keçirilən Olimpiya oyunlarını milyonlarla tamaşaçı auditoriyası izləmişdi.

STRUKTUR

Rövşən Tahir oğlu Novruzov



Rövşən Tahir oğlu Novruzov 26 dekabr 1958-ci ildə Ağdam rayonu Mirəselli kəndində anadan olub. 1976-cı ildə Ağdam şəhər 8 saylı orta məktəbi bitirib. 1977-1979-cu illərdə Sovet ordusunda hərbi xidmətdə olub.


1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinə daxil olub, 1987-ci ildə oranı bitirərək jurnalist ixtisasına yiyələnib.


Əmək fəaliyyətinə 1976-cı ildə Ağdam rayon İstehlak Cəmiyyətinin inşaat briqadasında fəhlə kimi başlayıb. 1981-1991-ci illərdə Rayon Gənclər Təşkilatında müxtəlif vəzifələrdə çalışıb. Dağlıq Qarabağ münaqişəsi başlandığı zaman könüllü olaraq Milli Orduda xidmət edib, Qarabağ müharibəsi veteranıdır.


Əmək fəaliyyəti dövründə Azərbaycan İdman Jurnalistləri Assosiyasında (AİJA) müxtəlif vəzifələrdə işləyib, hazırda ictimai əsaslarla qurumun baş katibidir. Paralel olaraq, 2000-ci ildən 2012-ci ilədək "Lider" Televiziyasında şərhçilər qrupunun rəhbəri, televizyanın baş idman şərhçisi olub. 2012-ci ildən 2015-ci ilədək "Baku Post" qəzetində şöbə müdiri, ardınca qəzetin Azərbaycan dili bölməsinin redaktoru işləyib. 2015-ci ildən 2019-cu ilədək "CBC Sport" telekanalının İnformasiya xidmətinin şef redaktoru kimi çalışıb, 2019-cu ildən isə "İdman" telekanalında direktor müavini vəzifəsində çalışır.


1997-ci ildə "Gümüş qələm" mükafatına, 2011-ci ildə "Azərbaycanda İlin İdman Jurnalisti" adına layiq görülüb.


Ailəlidir, üç övladı var.


 


Siyavuş Ağamehdi oğlu Əliyev



Siyavuş Ağamehdi oğlu Əliyev 1974-cü il sentyabrın 7-də Bakı şəhərində anadan olub. 1991-ci ildə Bakı şəhəri Abdulla Şaiq adına 54 saylı orta məktəbdə təhsil alıb.  1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Uçot-İqtisad fakültəsini bitirib. 2005-ci ildə jurnalistika fəaliyyətinə İctimai Televiziyada başlayıb.


2006-cı ildən etibarən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "İdman proqramları" Baş redaksiyasında redaktor vəzifəsində, 2019-cu ildən isə direktor müavini vəzifəsində çalışır.


Evlidir, iki övladı var.

Fikrət İlyas oğlu Adıgözəlov



Fikrət İlyas oğlu Adıgözəlov 1961-ci il mayın 10-da Ermənistanın Allahverdi rayonunda anadan olub. 1978-ci ildə Bakıdakı 126 saylı orta məktəbi, 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hələ tələbəlik illərində Azərbaycan Radiosunda gənclik mövzusunda verilişlər, informasiya proqramları hazırlayıb, habelə respublikanın kütləvi informasiya vasitələrində ("Bakı", "Azərbaycan gəncləri", "İdman", "Kommunist" – indiki "Xalq qəzeti" və s.) müxtəlif mövzularda məqalələr yazıb.


1983-cü ildə Azərbaycan Dövlət Teleradio Verilişləri komitəsində (indiki "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC) idman proqramları baş redaksiyasında kiçik redaktor kimi əmək fəaliyyətinə başlayıb. İşlədiyi dövr ərzində redaktor, böyük redaktor, şöbə müdiri, şərhçi və baş redaktor vəzifələrinə yüksəlib. Dəfələrlə müxtəlif rəy sorğularında ilin ən yaxşı idman jurnalistləri siyahısına daxil edilib.


2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə respublikanın əməkdar jurnalisti fəxri adına layiq görülüb.


2007-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı ilə təltif olunub. Dağlıq Qarabağ münaqişəsi zamanı dəfələrlə cəbhə bölgələrində ezamiyyətdə olub, ordu həyatı haqqında, hərbi xidmətdə olan idmançılar barədə süjet, reportaj və proqramlar hazırlayıb. Qarabağ müharibəsi veteranıdır. Jurnalist fəaliyyəti dövründə dünyanın 50-dək ölkəsində (Türkiyə, ABŞ, İspaniya, İngiltərə, Almaniya, İtaliya, Finlandiya, İsrail, Kipr, Yaponiya, Çexiya, Danimarka, İran, Polşa və s.) Azərbaycan idmançılarının iştirakı ilə keçirilən mötəbər turnirlərdən reportaj və proqramlar hazırlayıb.


2008-ci ildə Pekin, 2012-ci ildə London paralimpiya oyunlarından, habelə 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından, eləcə də Bakı-2015 və Minsk-2019 Avropa Oyunlarından kütləvi proqramlar, Azərbaycan idmançılarının çıxışları barədə süjetlər hazırlayıb, canlı bağlantılar yaradıb.


Bakıda keçirilən irimiqyaslı yarışlar, dünya və Avropa çempionatlarından Rusiyanın "NTV-sport" telekanalı üçün müsahibə və süjetlərin müəllifidir. Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nın "İdman" telekanalının baş redaktoru kimi fəaliyyətini davam etdirir.


Ailəlidir. İki övladı, iki nəvəsi var.

CANLI YAYIM